“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu

Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu oynayır.

Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və sairdir.

Müsabiqənin missiyasına innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına kömək göstərmək, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və onların ideyalarını inkişaf etdirmək daxildir. Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə “QUTechnopark” ilkin maliyyə, ofis və əlavə investor dəstəyi göstərəcək.

Park İnn otelendə təşkil edilən final mərhələsində layihə rəhbərləri öz məhsullarını təqdim etdikdən sonra münsiflər heyəti qaliblərin adlarını elan etdi. Qaliblərə sertifikat və pul mükafatları təqdim edildi.

Qafqaz Universitetinin rektoru Ahmed Saniç tədbirə yekun vuraraq ölkəmizdə gənclərə göstərilən qayğıdan danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək istiqamətində verdiyi tövsiyələr hər yerdə olduğu kimi, ali məktəblərdə də ciddi müzakirə olunur, bu istiqamətdə lazımi addımlar atılır. İnkişaf edən Azərbaycanın sabahkı uğurlarında bugünkü gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirən rektor belə tədbirlərin istedadlı gənclərin üzə çıxmasına, onların yeni ideyalarının dəstəklənməsinə böyük fayda verdiyini söylədi.

Axırda müsabiqənin şərtlərinə görə 10 finalçıya mükafatlar təqdim edildi. Sonuncu yeri tutan iki layihə müəllifinə isə Qafqaz Universitetinin rektoru Ahmed Saniçin təklifi ilə 500 manat pul mükafatı verildi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

http://arxiv.az/az/xalqqazeti.com/44973597