Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib.

Xeberler.az-ın məlumatın görə, YFM 2016 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:

-Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, prototip,test mərhələsi, aktiv satış) Məhsul üzərində nə vaxtdan işləyirsiniz? Layihədəki nəaliyyətləriniz nədir?

-Məhsulun innovativliyi və texnoloji yeniliyi: İş fikrinin texnoloji-innovativ xüsusiyyətləri, faydaları, səmərəliliyi, texnologiya baxımından yenilikçi üstünlüklərini.

-Bazar və rəqabət: Hədəf bazarın ölçüsü nə qədərdir? Qlobal və lokal bazarda məhsulun rəqibləri hansılardır? Hazırda neçə istifadəçi və ya neçə müştəriniz var?

-Biznes Model: Məhsulun biznes modelini qısaca izah edin (necə pul qazandırır və ya qazandıracaq?) Məhsula bu günə qədər investisiya olunubmu?

-Layihə komandası: Qurucu komanda üzvləri kimlərdir? Məhsul ilə bağlı texniki bacarığı olan komanda üzvünüz varmı? Daha əvvəl üzərində işlədiyiniz uğurlu məhsul/layihələr olubsa qısa məlumat.

 YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.

 Qeyd edək ki, YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir.

Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilib.

 Bu il 5-ci dəfə keçirilən YFM-nin işinə Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Nazirliyin tabeçiliyndə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və digərləri dəstək verir.

Qeyd edək ki, müsabiqə əsasında ilk beş yerə layiq görülən startap komandalarına Bakı Mühəndislik Universiteti Texnoparkı, SUP.az və Next Step  İnnovasiya Mərkəzi tərəfindən inkubasiya xidmətləri ödənişsiz əsaslarla veriləcək.

Müsabiqənin investisiya tərəfdaşları AzFinans İnvestisiya şirkəti, Khazar Venture vəSUP.az şirkətlərinin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaq.

  Müsabiqənin tərəfdaşı olan Baku Holiday Travel turizm şirkəti birinci yeri qazanacaq layihə komandasından bir nəfərin Silikon Vadisinə gediş-gəliş avia biletini təmin edəcək.

Öz Süt şirkəti finala vəsiqə qazanmış hər bir komandaya 150 manat dəyərində, yarımfinala vəsiqə qazanmış hər bir komandaya isə 100 manat dəyərində yemək kuponu verəcək.

Qalib layihələrin işinə, əlavə olaraq, "KUTVAN PROJECT GROUP" və "Sosial Innovation Lab"tərəfindən mentorluq xidmətləri göstəriləcək.

YFM 2017  aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:

-Layihələrin onlayn qeydiyyatı  - 10 Mart - 20 Aprel 

-Layihələrin onlayn qiymətləndirilməsi  - 25 Aprel - 5 May

Yarımfinalçıların elan olunması - 6 May 

Yarım Final Proqramının keçirilməsi  - 20 May  tarixinə kimi

Final və Mükafatlandırma Proqramlarının keçirilməsi - 15 İyun  tarixinə kimi

Müsabiqədə buradan qeydiyyatdan keçə bilərsiniz.

 

Məltəm Talıbzadə

http://xeberler.az/new/details/yeni-fikir-2017-musabiqesine-qeydiyyat-basladi--17667.htm