İnnovasiya iqtisadiyyatı stimullaşdırılacaq

İnnovasiya iqtisadiyyatı stimullaşdırılacaq

Mütəxəssislər elmi innovasiya fəaliyyəti həyata keçirən müəssisə və təşkilatların stimullaşdırılması üçün müxtəlif variantlar olduğunu bildirirlər

Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması təklif edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ "Elm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün təkmilləşdirilmiş yeni variantına daxil edilib.
Layihədə elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdirilib. Layihəyə görə, milli innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, prioritetlər üzrə texnoloji inkişafa hədəflənən uzunmüddətli innovasiya proqramlarının hazırlanması və həyata keçirilməsi elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olacaq.
Layihədə qeyd edilir ki, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq təşkilati işlərin görülməsidir.
Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.
 
İnnovasiya qanunvericiliyinin olmamasının törətdiyi maneçiliklər
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Təqdiqat İnstitutunun şöbə müdiri, dosent, iqtisad elmləri namizədi Arzu Hüseynova qəzetimizə açıqlamasında bildirdi ki, innovasiya qanunvericiliyinin olmaması bizə bir çox məsələlərdə maneçilik törədir. Ona görə də ən azı qanunvericiliyi, metodikanı hazırlamaq lazımdır ki, innovasiyalar da inkişaf etsin: "Bu sahədə daha çox təhsil, elm, dövlət və sahibkarlıq tandemini artırmaq lazımdır. Bizdə hər biri ayrı-ayrılıqda olduğu üçün bunu birləşdirməyə ehtiyac var. İnnovasiyalarla tam şəkildə məşğul olmaq lazımdır ki, müəyyən bir struktur yaradılsın, Azərbaycanda geniş inkişafa nail olunsun. Dövlətin əsas strategiyası qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Texnologiyalar əsnasında digər iqtisadi sahələrin inkişaf etdirilməsinə daha çox maraq var. Bəs geridə qalan sahələr necə olsun? Bu sahələrin innovasiyaları inkişaf etməlidir ki, elm həcmli sahələr də inkişafa doğru getsin. Bugünkü dövr informasiya dövrüdür. Texnologiyasız, informasiyasız heç nəyi inkişaf etdirə bilmərik. Bunun da inkişafı üçün təbii ki, innovasiyalar inkişaf etməlidir ki, bilik ön plana çıxsın və bunun da əsnasında digər sahələr inkişafa doğru getsin”.
 
Əgər innovasiyanı inkişaf etdirmək istəyiriksə...
A.Hüseynova deyir ki, innovasiya prosesi müxtəlif resursların istehsal fəaliyyətinə cəlb edilməsi ilə bağlıdır: "Əsas resurslar yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar olan tədqiqatlar və araşdırmalar aparılmasına, layihə - texnoloji və başqa işlərin yerinə yetirilməsi üçün investisiyalara sərf olunur. Bütövlükdə innovasiya fəaliyyəti sisteminə elm, texnologiya, innovasiya və təhsil kimi tərkib hissələri daxildir. Bu komponentlərdən hər hansı birinin olmaması innovasiya fəaliyyəti sisteminin bütövlüyünün pozulmasına gətirib çıxarır. İnnovasiyalar o deyil ki, təkcə texnoparklar və sənaye parkları üzərində işləməlidirlər. Digər yeniliklərlə məşğul olan müəssisələr də innovativ ola bilərlər. Bununla ümumi məşğul olan bir mərkəz, hər hansı bir qurum olmalıdır”.
 
İntellektual kapital dövrün tələblərinə uyğun hazırlanacaq
Qafqaz Universitetinin Texnoparkının direktoru İsa Qasımov deyir ki, elmi innovasiyaların stimullaşdırılması mexanizmləri qanunvericiliklə tənzimlənərsə, biz cəmiyyətdə həqiqətən də innovasiyaların formalaşması və tətbiqinə nail ola biləcəyik. Bu isə ölkədə innovasiya iqtisadiyyatının inkişafına nail olmağa imkan verəcək: "Ona görə ki, elmi innovasiyaların formalaşaması və tətbiqi birbaşa elmi təqdiqat institutları və universitetlərdə bu işin təşkilindən, işin peşəkarlarla bir yerdə layiqincə yerinə yetirilməsindən asılıdır.
Əgər elmi təqdiqat institutları və universitetlərdə elmi innovasiyaların inkişafı üçün stimullaşdırıcı mexanizmlər olarsa və bu mexanizmlər maliyyə və sturuktur baxımından dəstəkləyici və təşviqedici olarsa, bu, peşəkarlarla universitetlərdəki elmi təqdiqatçıların birgə çalışmasına səbəb olacaq. Bu fəaliyyət təkcə innovasiyaların ortaya çıxmasına deyil, həm də kadr hazırlığında intellektual kapitalın dövrün tələblərinə uyğun hazırlanmasına birbaşa müsbət təsir göstərəcək”.
 
Maliyyəsiz stimullaşdırma
İ.Qasımov deyir ki, maliyyə olmadan da struktur mexanizmlərində müəyyən dəyişikliklər edilə bilər: "Məsələn, universitetdə işləyən elmi təqdiqatçı fəlsəfə doktoru dosent və ya professor olmaq istəyirsə, onların üzərinə elmi məqalələr, kitab, dərslik və sair yazmaqla bağlı yük qoyulur. Fəlsəfə doktorunun dosent olmaq üçün elmi məqalə yazması tələb olduğu kimi,  stimullaşdırmanın struktur mexanizmlərində həm də innovasiyaları inkişaf etdirən layihə çalışmalarında yer almaları da tələb edilməlidir. Bu, birbaşa struktur stimullaşdırmadır.
 
Burada maliyyəyə ehtiyac yoxdur. Bu cür yanaşmalarla maliyyə ayrımadan struktur mexanizmlərini təşviqedici formada tətbiq etməklə buna nail olacağıq. Dünya təcrübəsində bu var. Yeni kəşf olunmuş məsələ deyil. Sadəcə, ölkəmizdə bu mexanizmi işləyib, tətbiq etməliyik”.
 
Maddi yönümlü stimullaşdırma
Texnopark direktoru deyir ki, stimullaşdırmanın maliyyə yönümlü olan tərəflərindən də istifadə etmək olar: "Hər bir universitetin magistr, fəlsəfə doktorluğu hazırlığı var. Onların hamısı dissertasiya işləyir, hansısa mövzunu araşdırırlar. Əgər yeni qanunda innovasiyaların inkişaf etdirilməsi və tətbiqi istiqamətində öhdəliklər qoyularsa və konkret olaraq araşdırma işlərinin əhəmiyyətli, nəticə yönümlü olması ilə bağlı tələb qoyularsa, bu, daha stimullaşdırıcı tədbir ola bilər. Düzdür, bu, əvvəl də var idi. Amma indi konkret qabardılmasına ehtiyac var.
Hətta bu araşdırma işlərinə xüsusi qurumlar, Elm Fondu, Bilik Fondu və ya yeni yaradılmış başqa fondların vasitəsilə qrantlarla maliyyə dəstəyi olarsa, bu da "Elm haqqında” qanunda öz əksini taparsa, arzuolunan nəticələrə, Azərbaycanda innovasiya iqtisadiyyatı və innovasiya sahibkarlığının inkişafına gətirib çıxaracaq. Bu, Azərbaycanda intellektual kapitalın həqiqi mənada inkişafına kömək edəcək”.
 
"Elm haqqında qanunvericiliyimiz beynəlxalq qanunvericiliklə uyğunlaşdırılmalıdır”
Gənc alim Sübhan Talıblı isə dedi ki, qanun layihəsi çərçivəsində ilk olaraq alimlərimizin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilərək təqdiqat universitetlərinə göndərilməsi yaxşı olar: "Hazırda ölkəmizdə kifayət qədər elektron kitabxanalar var. Bunların sayının daha da artması ən vacib məsələlərdəndir. Azərbaycanda müxtəlif elm sahələrində korluq çəkdiyimiz istiqamətlər var. Xaricdə həmin istiqamətdə tətbiq olunan vasitələrin bizə də gətirilməsinə ehtiyac var. Elm haqqında qanunvericiliyimiz beynəlxalq qanunvericiliklə uyğunlaşdırılmalıdır ki, insanlar bundan faydalana bilsin. Elm mərkəzlərində bütün vətəndaşların bundan istifadəsinə şərait yaradılmalıdır. Yaxşı olar ki, həmin qanun çərçivəsində Azərbaycan elmini dünyaya inteqrasiya etmək üçün müxtəlif yollar axtarıb tapsınlar”.
S.Talıblı deyir ki, elmi innovasiya ilə məşğul olan müəssisələrin stimullaşdırılması zamanı ilk olaraq kadr problemi ortaya çıxacaq: "Buna görə də kadrlarımız üçün təcrübə keçilməsinə ehtiyac var. Xarici və yerli mütəxəssislər müştərək şəkildə çalışmalıdırlar. Bununla əlaqədar müxtəlif dövlət qurumları qrant layihələri həyata keçirə bilərlər. Xüsusilə müvafiq ali təhsil müəssisələrində o sahədə ixtisas almış tələbələrin bilikləri artmalıdır. Tələbələr də bunlardan istifadə etsinlər. Universitetlərdə də belə elektron kitabxanalar yer alsın. Alimlərin əsərlərinin, ixtiralarının innovasiya şəklində inteqrasiya olunması üçün variantlar yaradılsın.
Eyni zamanda stimullaşdırıcı işlər görülsün. Universitetlər arasında rəqabət mühiti yaradıla bilər. Məsələn, nəzərə alınsın ki, hansı universitetin kitabxanaları dünya standartlarına uyğundur, hansında çatışmazlıqlar var. Rəqabət mühiti olarsa, çatışmazlıqların aradan qaldırılması üçün universitetlər özləri də maraqlı olacaqlar. Bu da elmin və innovasiyanın inkişafına təkan verəcək. Elmin hansısa sahəsində çatışmazlıqlar varsa, qanun qəbul edilməsi onların araşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”. 
 
Aygün Asimqızı