“Yeni Fikir 2016 Müsabiqəsi”nin final proqramı keçirilib

“Yeni Fikir 2016 Müsabiqəsi”nin final proqramı keçirilib

Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin innovativ sahibkarlığın formalaşması istiqamətində təşkil etdiyi “Yeni Fikir 2016 Müsabiqəsi”nin (YFM) final proqramının mükafatlandırma mərasimi keçirilib.

Qafqaz Universitetinin nəzdindəki Texnoparkda (QUTechnopark) “Yeni Fikir 2016 Müsabiqəsi”nin keçirilməsinin əsas məqsədi innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan innovativ mühitin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, İKT-nin inkişafına yardım etmək, kreativ və təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək olmaq, onların innovativ ideyalarını inkişaf etdirmək, həmçinin təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynamaqdan ibarətdir.

YFM “QUTechnopark”ın təşkilatçılığı ilə yanaşı, “Khazar Ventures”, “Sup.az” və “KOÇ Sistem Azərbaycan” şirkətlərinin partnyorluq dəstəyi ilə keçirilir.

Bir çox ali məktəblərin, elmi-tədqiqat qurumlarının, biznes strukturlarının, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç məruzəsində Azərbaycanda innovativ biznes mühitinin formalaşması zərurətindən, elm-təhsil-biznes əlaqələrindən  danışdı. O, həmçinin tədbirdə 13 finalçının mükafatlandırılması üzrə münsiflər heyətinin  üzvlərini – Azərbaycan Pərakəndəçilər Assosiasiyasının sədri M.Rüstəmov, Qafqaz Universitetinin prorektoru, “QUTechnopark” İdarə Heyətinin sədri, dosent Ş.Durmaz, Sup Akselerator – Direktor N.Vəliyev və digərlərini təqdim etdi.

Sonra isə İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, “YFM 2016”nın sponsoru və aparıcı tərəfdaşı “Khazar Ventures” şirkətinin təsisçisi Məmməd Kərim, “YFM 2016”nın tərəfdaşı “Koç Sistem Azərbaycan” şirkətinin nümayəndəsi “KoçSistem Azerbaycan” şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, “QUTechnopark”ın direktoru, “Yeni Fikir Müsabiqəsi” Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdılar və iştirakçılara uğurlar arzuladılar.

Daha sonra finala vəsiqə qazanmış startap komandaları layihələrini təqdim etdilər. Proqramın sonunda qaliblərə mükafatlar təqdim olundu.

Müsabiqədə birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, o cümlədən Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırıldı. Birinci yerin sahibi əlavə olaraq “Sup.az” tərəfindən 5000 Avro qranta da layiq görüldü. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə “QU Technopark” dəstək paketi, eləcə də Türkiyədə 15 günlük təlim imkanı əldə etdi. 211 layihə arasından qalib seçilmiş layihələr: 1-ci yerə “Kvotter”, 2-ci yerə “Flapus”, 3-cü yerə “MiniLab”, 4-cü yerə “Spinal”, 5-ci yerə isə “Gamebuy.az” layiq görüldü.

Məlumat üçün bildirək ki, Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Texnopark Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafına dəstək vermək üçün 2013-cü ildə təsis edilib. “QUTechnopark”ın fəaliyyətləri əsasən iki istiqamətdə təşkil edilir:

1. Sahibkarlıqda innovasiya: Bu istiqamət əsasında mövcud sahibkarlıq fəaliyyətləri olan şirkətlərlə (rezidentlərlə) birlikdə innovasiyaların formalaşması və tətbiqi prosesi həyata keçirilir.

2. İnnovasiya sahibkarlığı: Bu istiqamətdə həyata keçirilən işlər, yeni iş fikirlərini inkişaf etdirərək yeni şirkətlərin qurulması, eləcə də sahibkarların formalaşmasına, başqa sözlə desək, startapların inkişafına dəstək verməkdən ibarətdir. Bu istiqamətin səmərəli təşkil edilməsi üçün “QUTechnopark” Yeni Fikir Müsabiqəsini təsis etmişdir. YFM 2013-cü ildən etibarən innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir.

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilir.

http://ictinfo.az/4332-2/