Sahibkarı təhsil müəssisələri ilə əməkdaşlığa vadar edən könüllülük prinsipləri

Sahibkarı təhsil müəssisələri ilə əməkdaşlığa vadar edən könüllülük prinsipləri

Sahibkar onun gələcək kadrlarını formalaşdıran təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olmalıdır
Layihə çərçivəsində biliklər iqtisadiyyatı ilə bağlı daha bir yazımızı təqdim edirik. Belə ki, kiçik və orta sahibkarlığın elm və təhsil müstəvisində inkişafı hazırda olduqca böyük önəm kəsb edir. 
Ümumiyyətlə, kiçik və orta sahibkarların sayının çox, eləcə də güclü olduğu ölkələr dünyada rəqabətə dayanıqlılığı və güclü iqtisadiyyatı ilə seçilirlər. Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımov bizimlə söhbətində bildirdi ki, kiçik və orta sahibkarlar böyük həcmli vergi ödəyiciləri olmasa da, cəmiyyətdə işsizliyin azaldılması, daxili bazarın güclənməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, qlobal böhran problemlərində ölkədaxili dayanıqlılığın təmin edilməsi və sair kimi əhəmiyyətli proseslərdə mühüm rola malikdir. Ona görə də inkişaf etmiş, həmçinin inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlığın inkişafı xüsusi əhəmiyyət verilən sahə kimi bilinir: “Bəzi ölkələrdə bu sektorun inkişafı üçün xüsusi asanlaşdırıcı və ya stimullaşdırıcı yanaşmalar da aktualdır. Bu yanaşmalar içərisində vergi, gömrük, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi kimi göstəricilər daha çox rast gəlinəndir. Bununla belə, son zamanlar daha da aktuallaşmış, innovasiya sahibkarlığının inkişaf etdirilməsi də xüsusi forma kimi aktuallığını artırmaqdadır”. 
Mövzu ilə bağlı əsas toxunulacaq problemlərdən biri isə kiçik və orta sahibkarların təhsil müəssisələri, o cümlədən texniki peşə məktəbləri ilə əməkdaşlığı məsələləridir: “Problemi təhlil edərkən, Azərbaycanda texniki peşə məktəbləri ilə kiçik və orta sahibkarların sıx əməkdaşlığının qənaətbəxş olmadığını müşahidə edirik. Araşdırmalar zamanı, belə qənaətə gəlmək olur ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün xeyli işlər görülmüş olsa da, hələ də bu sahənin inkişafına mənfi təsir göstərən amillər az deyildir. Bu və ya digər subyektiv problemlər sahibkarları səmərəsiz məşğul edirsə, belə vəziyyət onların təhsil müəssisələri, o cümlədən texniki peşə məktəbləri ilə əməkdaşlığına mənfi təsir edir. Başqa sözlə desək, sahibkarlar daha sürətlə inkişaf etmək və ya rəqabətə davam gətirmək üçün müəssisənin insan kapitalını gücləndirməyə sərf etməli olduğu vaxtını (və ya pulunu) digər subyektiv məsələlərin həllinə sərf etməli olurlar”. 
Sahibkar bilir ki, onun qazancı və şirkətinin inkişafı işə qəbul etdiyi işçilərin bilik və bacarıqlarından çox asılıdır: “Belə olduğu hada, sahibkarı bu amili inkişaf etdirməkdən hansı amillər mane ola bilər? Hər bir sahibkar şirkətinin inkişafı və dayanıqlılığını artırmaq üçün əmək bazarından ən yaxşı kadrları cəlb etməkdə maraqlı olmaqla yanaşı, həm də mövcud işçilərin inkişafında da maraqlıdır. Bu prosesin ümumi fonunda sahibkar onun gələcək kadrlarını formalaşdıran təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Deməli, sahibkarı məşğul edən subyektiv problemlər nə qədər çox olarsa, belə vəziyyət cəmiyyətdə digər yeni problemlərin ortaya çıxmasına səbəb olacaqdır. Lakin sərbəst bazar şəraitində, eləcə də vergi, gömrük, sığorta və digər ümumi problemlərin həlli şəffaf və demokratik qanunvericilik əsasında baş verərsə, bu vəziyyət sahibkarın pozitivliyini daha da artırmaqla yanaşı, onun qısa müddətlə investisiya fəaliyyətlərindən daha çox uzunmüddətli sərmayə qoyuluşunda da maraqlı olacaq. Uzunmüddətli sərmayə qoyuluşunda isə proseslərin sığortalanmış addımları, ilk növbədə ixtisaslı və bacarıqlı əmək qüvvəsinin mövcudluğuna bağlıdır. Bu isə sahibkarı təhsil müəssisələri ilə əməkdaşlığa könüllülük prinsipləri əsasında vadar edəcək. Başqa sözlə, sahibkar təhsil müəssisəsi ilə əməkdaşlığı öz maraqları əsasında formalaşdıra biləcək. Əlbəttə, bu proses qanunvericiliklə tənzimlənməklə yanaşı, təşviq də olunmalıdır. Bu cür gedişat təhsil müəssisələrinin inkişafında və güclənməsində sahibkarların rolunu artıracaq. Təhsil müəssisəsindən fayda görən və ya fayda görmək istəyən sahibkar, buna inandığı dərəcədə təhsil müəssisəsinin yanıda olacaq. Belə vəziyyət həm təhsil müəssisəsində tədrisin keyfiyyətinə praktiki dəstək verməklə yanaşı, həmçinin bəzi fəaliyyətlərdə sponsorluq, ortaq layihələrin təşkili və sair kimi, öz əksini tapacaqdır. Bu əməkdaşlıq formaları isə həmin təhsil müəssisələrinin məzunlarının sahibkar tətəfindən iş qəbulunun təbii prosesini təmin edəcək. Nəticədə, məzunları daha rahat iş tapan təhsil müəssisəsinin reytinqi yüksələcək. Daha yüksək reytinq təhsil müəssisələrinə məsuliyyət və aktivlik verəcək. Təhsil müəsisələri arasında rəqabət innovasiya xarakterli inkişafa səbəb olacaq. İnnovasiya xarakterli rəqabət təhsil müəssisəsində sənaye əhəmiyyətli elmi tədqiqatların real nəticələrinin artmasına gətirəcək”. 
Qafqaz Universitetinin daha bir mütəxəssisi dosent Şahin Durmaz isə qeyd edir ki, bir tərəfdən inkişaf etmək üçün bazarda aktivlik göstərən sahibkarlıq subyektləri, digər tərəfdən bu aktivlikdən həvəslənən təhsil müəssisələri innovasiya əsaslı tədqiqatlarını artıraraq gəlirlərini çoxaltmağa çalışmalıdırlar: “Elmi-nəzəri bilikləri ilə daha çox potensiala malik təhsil müəssisələri tədricən şirkətlərin marağını çəkərək, onlara təkcə qabiliyyətli kadr deyil, həm də yeni texnologiyalar verə biləcəklər. Bazar payının artırılmasında maraqlı olan şirkətlər isə artan rəqabət şəraitində yeni texnologiyaların faydalarını gördükcə bu cür fəaliyyətlərə daha çox əhəmiyyət verməyə başlayacaqlar. Bu vəziyyət getdikcə təhsil müəssisələrinin iqtisadi güclənməsi ilə yanaşı, onların informasiya baxımından da inkişafına səbəb olacaq. Bu gedişat gələcəkdə sahibkarlıq subyektlərinin elm və təhsil müəssisələri ilə daha sıx işləməsini zəruri edəcək. Bu yanaşma inkişaf etdirilsə, prosesin əvvəlində iş dünyasından kömək gözləyən təhsil müəssisələri gələcəkdə iş dünyasının lokomotivinə çevrilə biləcək. Belə bir inkişaf xətti həmin ölkənin, sözün həqiqi mənasında, güclü olmasını göstərən başlıca amilləri özündə əks etdirə biləcək. Bu inkişaf xətti təkcə təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığı deyil, həmçinin cəmiyyətin inkişafı və güclənməsi üçün zəruri olan intellektual insan gücünün formalaşmasına səbəb ola bilər. Bu bir çox sosial problemlərin də həllini özündə ehtiva edə bilən bir prosesdir. Belə bir yanaşmanın özü-özünü tənzimləyən sistem (ekosistem) şəklində formalaşa bilən olması, onun potensial imkanlarını daha da artırır”.
Bu şəraitdə cərəyan edən hadisələr, təhsil müəssisələri ilə sahibkarlar arasında qarşılıqlı olaraq, real ehtiyacların təmin olunmasına əsaslanmaqla yanaşı, mükəmməl bir ardıcıllıqla davam edir. Ona görə də riskləri az, dayanıqlılığı isə daha möhkəmdir. Ekosistemin bir üstünlüyü də onun qısamüddətli deyil, uzunmüddətli və daha böyük strategiyaların formalaşmasına zəmanət verməklə yanaşı, proses daxilində sığortalanmış və ya daha dəqiq proqnozlara əsaslanan layihələrin işlənməsinə zəmin verir. Ekspert Ş.Durmaz bildirir: “Təhsil müəssisələri ilə iş dünyasının səmərəli əməkdaşlığı o qədər əhəmiyyətli sahədir ki, bu problem təkcə ölkədaxili deyil, həm də regional və ya qlobal baxımdan əhəmiyyətli məsələdir. Qloballaşma prosesində insan gücünün artan miqrasiyasını nəzərə alsaq, bu sahənin aktuallığını daha aydın görə bilərik.
Yuxarıda qeyd olunan prosesin mərkəzində yer alan gənc nəsil isə, ölkə üçün çox əhəmiyyətli hesab olunan intellektual kapitalın formalaşmasında əvəzolunmayan göstərici kimi qiymətləndirilə bilər”.
Ekspertlərin diqqətçəkən təkliflərindən biri odur ki, təhsil müəssisələri ilə iş dünyasının əməkdaşlığını təşviq edən və tənzimləyən maliyyə modeli hazırlamaq lazımdır. Bu model dövlətin nəzarətində tələb və təkliflərə görə, davamlı olaraq, dəyişə bilən formada qurulmalıdır. Təşviq proqramları prosesin missiyasına xidmət etməlidir. Yəni təşviq proqramları elə təmin olunmalıdır ki, təşviqdən faydalanan tərəflər gələcəkdə fəaliyyətlərini təşviq alan tərəf olmaqdan təşviq edən tərəfə dəyişə bilməli və bu cür yanaşmada maraqlı olmalıdırlar. Əslində, proses özü bunu təmin etməlidir. Fikrimizcə, burada başlıca məqamlardan biri innovativ sahibkarlığın dəstəklənməsi ilə daha səmərəli olacaq. Şirkətləşmə prosesində dəstəyə ehtiyac olan sahibkarlıq subyektlərinin qurucuları mentorluq fəaliyyətlərində maraqlı olmalı və bu vəziyyət onları fərqləndirən (üstün tutan) məqam olmalıdır. Belə vəziyyət sahibkar mentorların investor (vençur kapitalı ayıran sahibkar) kimi formalaşmasına səbəb ola bilər. Bu və buna bənzər inkişaf modelinin formalaşması yuxarıda qeyd olunan hədəfin - təşviq alan tərəfin təşviq verən tərəfə çevrilməsi - reallaşmasına zəmin verəcək: “Dünya təcrübəsindən görünür ki, mentorluq fəaliyyətində maraqlı olan sahibkarlar gənc nəslin inkişafında daha çox maraqlı olmaqla yanaşı, yeni layihələrin inkişafına daha real və qayğı ilə yanaşırlar”. 
Beləliklə, ekspertlərin fikrincə, yeni formalaşan sahibkarlıq fəaliyyətlərinə qayğı ilə yanaşma nə qədər real göstəricilərə əsaslanaraq baş verərsə, prosesin dayanıqlılığı və davamlılığı da o qədər güclü olar. Əks təqdirdə, uğurlu olmayan investisiya işgüzar mühitin inkişafına mənfi təsir göstərəcək. Müşahidələr göstərir ki, mentorluq fəaliyyəti ilə məşğul olan sahibkarlar investisiya qoyula biləcək layihələrə daha real baxaraq davranmaları (təhlillər, bazar araşdırması, isbat oluna bilən statistik proqnozlar və s.) onları uzunmüddətli sərmayə qoyuluşuna həvəsləndirə bilir. Yeni sahibkarlıq subyektlərinin formalaşmasında isə uzunmüddətli sərmayə qoyuluşu əhəmiyyətli amildir.


İlkin AĞAYEV

http://palitranews.az/news.php?id=51814#Kalibri