“Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır”

“Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır”

Dünən Qafqaz Universitetində Amerikanın Silikon Vadisindən dəvət edilmiş mentor  Esin Silenin universitet tələbələri, iş adamları, sahibkarlar, startapçılar və digər maraqlı  tərəflərlə görüşü baş tutub.

Tədbirə həmçinin Təhsil Nazirliyinin əməkdaşları da qatılıb.

Esin Sile universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri, tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi, startapların  yaradılması istiqamətində ölkələrdə yaşanan problemlər və bununla bağlı digər məsələrlə bağlı  beynəlxalq təcrübəsini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, tədbir Qafqaz Universiteti QUTexnoparkın təşkilatçılığı ilə baş tutub.

Xeberler.az olaraq Esin Sile ilə Amerika, Azərbaycan, ümumiyyətlə hazırda dünyada yaşanan "startap boom" ilə bağlı maraqlı söhbət etdik.

Əvvəlcə Esin Sile haqda qısa məlumat təqdim edirik:

Əslən Türkiyədən olan Esin Sile Mindbridge Partners konsaltinq şirkətinin partnyoru və baş icraçı direktorudur. 

Dr. Sile uzun müddətdir ki, təcrübəli iqtisadçı və konsultant olaraq təhsil sektorundakı müəssisə və təşkilatlarla çalışır. Eyni zamanda Turkish WIN Boston bölməsinin həmsədri olan Dr. Sile hazırda əsas diqqət mərkəzinin öyrənmə və innovasiya olduğu konsultasiya firması Mindbridge Partners şirkətində partnyor və baş icraçı direktordur.  Esin xanımın çalışdığı Mindbridge Partners Amerikada universitetlərə və kolleclərə stratejik servis xidməti təklif edir.

Esin Sile bildirib ki, bunlarla yanaşı, onlar 2012-ci ildən akseleratorla və inkubatorla bağlıLearnLunch  layihəsini təsis ediblər. Hazırda isə təhsildə innovasiyalarla  bağlı müxtəlif ölkələrdən olan startapların Amerika bazarına inteqrasiyasına imkan yaradacaq yeni layihə üzərində işləyirlər.

 Esin Sile ilə  hazırda çalışdığı şirkətin fəaliyyətinə, ümumiyyətlə, dünyada bu istiqamətdə görülən işlərə nəzər yetirərək Azərbaycanın startap bazarını təhlil etdik. Esin Sile  ölkəmizdə bu eksosistemin daha da inkişaf etirilməsi  ilə bağlı  öz  təkliflərini  verdi.

Əslində,  Esin xanım bir neçə gündür Azərbaycandadır. Amma buna baxmayaraq Esin Sile deyir ki, müxtəlif sahədən olan şəxslərlə görüşlərdən sonra  ölkəmizdəki sahibkarlıq, iş dünyası, startap bazarı ilə bağlı onda ümumi rəy formalaşıb.

Bu gün Azərbaycanda startap ekosistemin inkişafını ləngidən, layihə rəhbərlərini həvəsdən salan ən başlıca səbəb hazırladıqları məhsula qarşı cəmiyyətdə inam formalaşdıra bilməmələridir. Bunu daha çox konkretləşdirsək, sahibkarların bu layihələrə maraq göstərib, inkişafı üçün investisiya  yatırılmasına qarşı olan qorxu startapçıları da bəzən həvəsdən salır və nəticə olaraq onlar yerli bazara məhsul təqdim etmək fikirindən daşınırlar.

Esin Sile deyir ki,  o da bu problemi hiss edib. Mentor qeyd edib ki, startap ekosistemi yeni formalaşan ölkələr üçün bu, gözləniləndir:

“ Həmişə özəl  şirkətlərə qarşı inamsızlıq olur. Bu, təbii haldır.  Startap ekosistemi yeni inkişaf edən, xüsusən də iqtisadiyyatı yeni inkişaf edən ölkələrin hamısında bu problem var.  Belə sistemlərdə əsasən ailə şirkətləri olur. O şirkətlər də öz ətrafı üçün çalışır. Hətta onlar fəaliyyətləri bağlı  heç vaxt ətrafa açıq olmur. Bundan ehtiyat edirlər. Düzdür, bu qorxulu haldır. Xüsusən də iqtisadiyyatı zəif olan ölkələrdə bunlar  mənfi nəticələrə gətirib çıxarır. Amma bu o  demək deyil ki, həvəsdən düşüb, heç nə etmədən yerində dayanmaq lazımdır”.

Mentor bu istiqamətdəki problemin həlli yollarına da toxunub:

“ Hər ölkənin pis və yaxşı tərəfləri var. Türkiyə, Amerika bazarında da hər şey  kənardan göründüyü kimi deyil. Onların da öz  daxilində inkişafa maneə olan  müəyyən problemləri var. Ona görə də əsas ölkədəki müsbətləri daha çox qabartmaq, onun üzərindən inkişaf etmək lazımdır. Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır. Öz təcrübəmdən bunu görmüşəm. Hər ölkənin öz təlabatı, qaydaları  var. Bunlar çox qısa zamanda dəyişməyəcək. Oturub insanların düşüncələrinin dəyişməsini gözləmək, tələb etmək yanlışdır. Burada əsas onları maarifləndirmək lazımdır. Bezmədən, yorulmadan edəcəyiniz yenilikə bağlı  qarşı tərəfə məlumatlar verib, onları inandırmaq lazımdır. Bəlkə də daha xırda məsələlərdən başlamaq lazımdır. Məsələn, investordan 10 min yox, 5 min yatırım  etməsini  istəmək daha uğurlu ola bilər. İlk addımı atmaq çətindir. Bu problem bütün dünyada var”.

Esin Sile yeniliyə inamsız yanaşma  ilə bağlı maraqlı məqama da toxunub. O deyib ki, gözləntiləri qarşı tərəfə olduğu kimi, doğru çatdırmaq lazımdır:

“Startap özəl sektora və ya  dəstək üçün bir quruma müraciət  edəndə nəyi bacara bildiyini doğru izah edərsə, qarşı tərəfdən daha pozitiv rəy ala bilər. Yatırım edən şəxs pulunun hara xərcləndiyini araşdırır. Əksər vaxt yatırımçılar uzun müddətlik pul ayırmaq istəmir.  Bu məbləği daha tez geri qazanmağı düşünürlər. Ona görə  startaplar işləri haqda məlumat verəndə ehtiyatla  davranmalıdır. Yəni, qarşıdakı illərdə işin nə qədər qismini edə biləcəyiniz barədə onlara doğru məlumat verməlisiniz. Çünki qarşındakı söz verdiyiniz vaxtda ortada nəsə görməzsə, sizə inamı lap çox itəcək. Bu da o deməkdir ki, startap layihələrinə onun inamı qalmayacaq. O baxımdan acı olsa da, gerçəkləri demək lazımdır. Bu, daha çox uğur qazandıra bilər”.

Mütəxəssis deyib ki, daha yaxşı olardı ki, yenilikləri qurumlara, təşkilatlara izah edəcək bir platforma yaradılsın:

“Ətrafdakı müxtəlif sektordakı şirkətlərlə işləmək üçün platforma yaradıla bilər. Məsələn, innovasiyların sektora faydasını anlatmaq və inandırmaq baxımından bu platforma faydalı olar. İş adamları ilə elm adamlarını bir araya toplamaq da yaxşı fikir olar. Yeni istehsal imkanları istiqamətində birgə düşünmək fayda verə bilər”.

Esin Sile bizim ölkədə startaplar arasında populyar olan Silikon Vadisində  çalışmaq arzusunu problem adlandırıb:

“ Yalnız Azərbaycanda yox, müxtəlif ölkələrdə olduğum görüşlərdən də görürəm ki, startapların hamısında  Silikon Vadisində işləmək həvəsi var. Bu, çox yanlışdır. Müxtəlif ölkələrdə olan startaplar da bütün diqqətini  Silikon Vadisinə yönəldir və buna görə də Amerikada əldə edəcəkləri digər şansları da itirir. Amerika İT-si yalnız   Silikon Vadisindən ibarət deyil. Ölkə çox böyükdür və yeni imkanlar var. Bununla yanaşı, startaplar Amerikaya yalnız  getmək istiqamətində düşünür, amma layihələrinin o bazarda necə inkişaf edəcəyinin dəyərləndirməsini aparmır. Bu, böyük problemdir”.

Esin Sile deyir ki, amerikalı üçün harada olduğunuz, kimlə danışdığı da çox önəmlidir. Onun sözlərinə görə, amerikalı xarici öyrənməyə həvəs göstəmir. Amma satış üçün xaricə çıxmağa çalışır. O, bu təcrübənin də faydalı olduğunu diqqətə çatdırıb:

“ Amerikalının xaricə çıxmaq kimi arzusu yoxdur. Orada əskər amerikalının  heç xarici passportu da yoxdur. Çünki onlar ölkələrində çox xoşbəxtdirlər. Və ölkələrinin ən yaxşı olduğuna inanırlar. Amma onlarda da  dünyada yeni bazar acgözlüyü var. Daha çox satış etmək, ucuz işçi qüvvəsi axtarırlar. Məsələn, Amerikada hər şey yaxşı inkişaf edirsə, niyə hər kəs Call Center-i Hindistanda açır? Çünki onlarda işçi qüvvəsi ucuzdur. Baxın, onlar məsələnin bu tərəfini də düşünür.  Digər inkişaf etmiş ölkələrdə çıxışım zamanı da deyirəm ki, əsas olan Amerikaya getmək deyil. Əsas getdikdən sonra nə edəcəyinizdir . Ukraynada  da bu sahədə uğur qazanır. Silikon Vadisində olan ukraniyalı startaplar öz ölkələrindəki proqramçılarla işləmək üçün şirkət  yaradıblar.  Çünki Ukraynada bu sahədə işçi qüvvəsi çox ucuzdur. Məsələnin bu tərəfi əksər vaxt düşünülmür. Startaplar özlərinin kim olduğunu, nəyə qadir olduğunu dəqiqləşdirmədən Silikon Vadisinə gedərsə, orada itərlər. Bu  iki tərəfi həmişə diqqətdə saxlamaq lazımdır”.

Esin Sile başqa ölkələrdəki  layihələrin eyni formada  bazara  gətirilməsinin təsirlərindən də danışıb:

“Başqa ölkədə olan layihəni eyni formada ölkəyə  gətirmək olmaz. Çünki ənənə, mədəniyyət çox önəmlidir.  Cəmiyyətin bu yeniliyə  yanaşması önəmlidir.  Ona görə də kiçik şeylərdən başlamaq lazımdır.  Hansı yeniliyi təqdim etəsiniz, onu insanlar istifadə edəcək. Bu baxımdan cəmiyyətdə müsbət, inadırıcı rəy formalaşdırmaq layihənizin inkişafı üçün əsas şərtdir”.

Mentor deyir ki, Amerikadan Azərbaycan startap bazarı görünmür. O,  ekosistemin qlobalda da tanınması üçün çox çalışmanın, dünyanı öyrənməyin vacibliyini qeyd edib.

Esin Sile deyir ki, ölkədə oturumaqla bir yerə qədər inkişaf etmək olar. Amma qlobal bazarda fəaliyyət üçün mütləq  xaricdə olmaq lazımdır:

“ Məsələn, siz email ilə xaricdəki şirkətlərlə danışıb, əlaqə yarada bilərsiniz. Lakin  bunu daha da ciddiləşməsi üçü mütləq onlarla görüşməlisiniz. Xarici investorlar keçmiş fəaliyyətlərinizə görə sizə yatırım edir. Onlar üçün bu, vacibdir. Türkiyə sahibkarlıq bazarı 10 ildir ki, inkişaf edir. Ölkə bu sahədə ciddi çalışır. İndi də uğur qazanırlar və  bazarları çox pozitiv görünür. Yəni, yalnız və yalnız işləmək lazımdır (gülür). Amerikada insanlar hansı yaşda olmasına baxmayaraq nəsə etmək istəyir və buna çalışır. Sonda bacarırlar”.

Mütəxəssis hazırda bir çox ölkənin təhsil sektorunda qarşılaşdığı  probemlərə də toxunub. O, kütləvi şəkildə xaricdə təhsil üçün gedib, amma qayıtmayan  şəxslərin bu seçiminə münasibətini bildirib:

“ Bu gün  Amerika təhsil sistemi də böyük dəyişiklik yaşayır. Bildiyiniz kimi, Amerikada  dövlət və özəl universitetlərin təhsil haqqı çox yüksəkdir. Bəzən insanlar bu təhsil haqqını ödəmək üçün böyük miqdarda  borclar  götürür. Həyatlarının yarı hissəsini də  bunu ödəmək üçün çalışır. Hazırda Amerika da bu istiqamətdə yeni alternativlər düşünür. Ola bilər ki, yaxın 10 ildə orada bəzi universsitelər ləğv edilsin.  Buradan baxanda bu problemlər görünmür.  Bəzi ölkələr, həmçinin Azərbaycan kimi savadlı kadrlarının xaricə gedib, orada qalmasına görə narahatdır. Əlbəttə ki, onlar işçi qüvvələrini itirir. Amma xaricə gedib qayıtmayan tələbələri anlamaq olur. Əgər onlar öz ölkəsinə qayıtmaq istəmirsə, deməli ölkəsində onların potensialı üçün ekosistem yoxdur. Ölkə öncə onlar üçün nəsə etməlidir ki, sonra onları qayıtmamağa görə günahlandırsın. Amerikada müxtəlif ölkələrdən olan tələbə tanışlarım var. Onların hamısı ölkələri üçün nəsə etməyə çalışır. Amma xaricdən öz ölkələri üçün nəsə etmələri uzun vaxt ala bilər”.

Esin Sile startapların uğur qazanmasında komanda işinin daha vacib olduğunu deyib.

O bildirib ki, uğurlu işin arxasında mütləq profesional komanda dayanır.

Məltəm Talıbzadə